DEV Community

Cover image for Niyə hələ də Linux işlətmirik, ya da işlədə bilmirik?
Jalil
Jalil

Posted on • Originally published at jalilabdulla.netlify.app

Niyə hələ də Linux işlətmirik, ya da işlədə bilmirik?

Keçən ilədək son 20 il ərzində Windows XP-dən 11-ə kimi hamısını istifadə etmişəm. Ənənəvi olaraq öyrəşmişik ki, kompüter deyəndə ağıla Windows gəlir. Amma son vaxtlar qəribə bir tendensiya var: hər yerdə Linux-un Windows-dan necə daha az resurs tələb etdiyi, daha stabil olduğu haqda məqalələr və videolar qarşıma çıxırdı. Və özümə sual verdim: Niyə də yox? Niyə illərdir sistemi ağırlaşdıran bir əməliyyat sisteminə məhkumuq?

Sınamaqdan zərər gəlməz deyib, keçən il demək olar ki, bütün populyar Linux distrolarını test etdim. Bəziləri gözləntilərimi aşdı, bəziləri isə tam bir xəyal qırıqlığı oldu. Budur mənim 20 illik Windows vərdişindən qurtulma hekayəm və doğru distronu seçərkən keçdiyim yol xəritəsi.

Ubuntu və Mint: İlk Addımlar və İlk Xəyal Qırıqlıqları

Linux deyəndə ilk ağıla gələn distro adətən Ubuntu olur. İlk açılışda qarşıma GNOME adında MacOS-ə bənzər bir interfeys çıxdı. İllərdir Windows istifadə etmişəm deyə bu dizayn mənə heç rahat gəlmədi. Sistemi extension-larla Windows-a oxşatmağa çalışdım. Yuxarıdakı menyunu və altdakı bar-ı yığışdırdım. Amma bu extension-lar onsuz da ağır olan Ubuntu-nun resurs istifadəsini daha da artırdı.

Bu nöqtədə interfeysi dəyişmək üçün başqa bir yol var: KDE. KDE - qısaca desək, interfeysi tamamilə sizin idarənizə verən, görünüşcə Windows-u ən çox xatırladan və demək olar ki, hər detalını dəyişə biləcəyiniz bir masaüstü mühitidir (Desktop Environment). Ubuntu-ya apt paket meneceri ilə KDE yükləmək mümkündür, amma bu zaman köhnə interfeysin (GNOME-un) "izləri" yenə də qalır. Qısası, Ubuntu mənim üçün lazımsız dərəcədə ağır idi.

Birbaşa KDE ilə gələn Kubuntu distrosu da var, amma yenə eyni səbəbdən ondan istifadə etmədim.

Daha sonra Linux Mint-ə keçdim. Mint interfeys olaraq Windows 7 və Vista-ya çox bənzəyir. Çoxları köhnə kompüterini Mint-lə yenidən canlandırdığını deyir. Amma alt yapısı Ubuntu əsaslı olduğu üçün eyni performans problemlərini yenidən yaşamağa başladım.

Fedora KDE: Köhnə Vərdişlər və Fərdiləşdirmə Tələsi

Ubuntu və Mint-in ağırlığından sonra Windows-a bənzəyən, öyrəşdiyim bir mühit axtarırdım. 20 illik vərdişdən bir anda qopmaq asan deyildi. Buna görə də seçimim Fedora KDE Plasma oldu.

Amma burada gözlənilməz bir "tələyə" düşdüm. KDE-nin o məşhur "hər şeyini dəyişə bilmək" azadlığı, əslində mənim üçün böyük bir vaxt itkisinə çevrildi. İşləmək əvəzinə, saatlarla düymələrin rəngini, pəncərələrin kənarlarını Windows-a bənzətməklə məşğul idim. Anladım ki, həddindən artıq fərdiləşdirmə produktivliyi birbaşa öldürür. Keçmişə sarılmaq mənə kömək etmirdi.

Arch Linux: Sürət və Çöküş

KDE-də vaxt itirdiyim ərəfədə forumlarda və videolarda davamlı olaraq "Arch Linux hamısından daha sürətlidir" fikirlərini eşidirdim. Sürət axtarışım məni CachyOS-ə (Arch Linux əsaslı distro) gətirib çıxardı.

Bu distro əsasən oyun oynayanlar (gaming) üçün konfiqurasiya olunub və rolling release modelində işləyir. Yəni sistem üçün yeniləmə mövcud olduqda anında sizə bildirilir. Hər şeyin ən son versiyasını işlətməyi sevən biri olaraq bu yanaşma əvvəlcə çox xoşuma gəldi.

Amma Arch Linux macəram qısa çəkdi və sonu sərt oldu: Adi bir yeniləmədən (update) sonra sistem ümumiyyətlə açılmadı. Rolling release modelinin ən böyük qüsuru budur - hər an qırıla bilər. Gündəlik istifadə və ciddi iş üçün hər dəfə kompüteri açanda "görəsən bu gün sistem işləyəcəkmi?" qorxusu ilə yaşamaq qətiyyən mənə uyğun deyildi.

Geri Dönüş və Acı Reallıq: İsrafçı Windows

Arch-ın çökməsindən sonra yoruldum və qısamüddətli olaraq yenidən Windows 11-ə geri qayıtdım. Düşündüm ki, bəlkə də köhnə vərdişlərimə sadiq qalmalıyam. Amma bu qərarım çox çəkmədi.

Windows-u qurub Task Manager-i açanda acı həqiqətlə üzləşdim. Heç bir proqram açıq olmasa belə Windows 11 Linux-dan ən az 1.5 dəfə çox resurs (RAM və CPU) işlədirdi. Özü də bu, mənim bütün telemetriya və məxfilik parametrlərini əllə bağladığım halda belə idi! Qəti qərarımı verdim: Linux-a birdəfəlik qayıtmalıyam, amma bu dəfə macəra axtarmadan, stabil bir sistemlə.

Son Dayanacaq: Niyə Yenidən Fedora (amma bu dəfə GNOME ilə)?

Bütün bu axtarışların sonunda yenidən Fedora-ya qayıtdım. Amma bu dəfə böyük bir fərqlə: KDE əvəzinə təmiz GNOME (Fedora Workstation) mühitini seçdim.

Arch-ın mənə verdiyi ən böyük dərs bu oldu ki, iş mühitində stabillik hər şeydən önəmlidir. KDE-nin mənə verdiyi dərs isə o oldu ki, keçmişə (Windows vərdişlərinə) tutunub çox seçimə qaçmaq yaxşı deyil. GNOME-un minimalist, diqqət dağıtmayan sadəliyi məni daha da produktiv edir. Hər şey sadə, təmiz və konkret məqsədə xidmət edir.

Fedora da Arch kimi bütün paketlərin ən yeni versiyasından istifadə edir, amma Fedora həmişə stabil və sınanmış versiyalardan istifadə edir. Bununla Arch-dakı risklərdən uzaqlaşmış, amma yenə də hər paketin yenisindən istifadə etmiş oluruq.

Ən böyük sürprizi isə oyunlarda yaşadım. Steam üzərindən The Witcher, Battlefield 34 kimi oyunları heç bir problem olmadan oynadım. Hətta qeyd etməliyəm ki, bəzi oyunlarda Fedora-nın Windows-dan daha çox FPS verdiyini və daha axıcı (smooth) işlədiyini gördüm.

Terminal Fobiyası: "Haker" Olmağa Ehtiyac Varmı?

Windows-dan gələnlərin ən böyük qorxularından biri də budur: Qara ekran və terminal. Çoxları elə bilir ki, Linux-da adi bir sənəd açmaq, ya da proqram yükləmək üçün hələ də "Matrix" filmindəki kimi dayanmadan kod yazmaq lazımdır. Əslində isə bu, 90-cı illərdən qalma bir stereotipdir.

Düzdür, mənim kimi proqramçılar üçün terminal eyni işi təkrar-təkrar etməmək üçün idealdır. Amma ortalama bir istifadəçi üçün terminala ümumiyyətlə ehtiyac yoxdur. Müasir Linux distrolarında tətbiqləri yükləmək, sistemi yeniləmək və faylları idarə etmək üçün möhtəşəm qrafik interfeyslər mövcuddur. Hər şey eynilə mobil telefonunuzdakı App Store kimi vizualdır və bir kliklə həll olunur. İstəməsəniz, o qara ekranı bircə dəfə də olsun açmaya bilərsiniz.

Bəs Niyə Hələ də Hamı Linux İşlətmir?

Niyə hər kəs durub Linux-a keçmir? Çünki bəzən sadəcə olaraq seçim şansımız olmur. Linux nə qədər mükəmməl olsa da, sənaye standartları üçün hələ də keçilməz maneələri var:

  1. Adobe Ekosistemi: Əgər siz dizaynersinizsə, Linux sizin üçün deyil. Bəli, alternativlər var, amma illərini Adobe-a verən bir peşəkar üçün bu keçid praktiki olaraq mümkünsüzdür.

  2. Microsoft Office: OnlyOffice və ya LibreOffice gündəlik işləri görür. Amma korporativ mühitdə, mürəkkəb makrolarla yazılmış bir Excel faylını açmaq lazım gələndə bu alternativlər çökür.

  3. Onlayn Oyunlar: Battlefield kimi oyunları rahat oynasam da, Valorant kimi kernel (nüvə) səviyyəsində anti-cheat sistemi tələb edən oyunlar Linux-da işləmir və yəqin ki, heç vaxt işləməyəcək.

Nəticə: Linux-a Keçməliyikmi?

Əgər işiniz birbaşa Adobe proqramlarından, mürəkkəb Office sənədlərindən, ancaq Windows-da işləyən proqramlardan asılıdırsa və ya xüsusi anti-cheat tələb edən oyunlar oynayırsınızsa, xeyr, Linux-a keçməməlisiniz. Windows-un israfçılığına dözmək məcburiyyətindəsiniz.

Amma əgər siz bir veb proqramçı, adi bir istifadəçi və ya single-player oyunlar sevən birisinizsə, Linux-a keçməmək üçün heç bir səbəbiniz yoxdur. Linux, resurslarınızı əməliyyat sisteminə deyil, sizin açdığınız proqramlara sərf edir.

Qısası: Köhnə kompüter üçün Linux Mint, macəra sevənlər üçün CachyOS, həm müasir, həm də iş/oyun üçün məhsuldar sistem axtaranlar üçünsə düşünmədən Fedora Workstation.

Bəzən 20 illik bir vərdişi qırmaq, əsl performansı kəşf etmək üçün atdığınız ən doğru addım olur.

Top comments (0)